Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koronavirusu insan üçün təhlükəsiz məhv edən ultrabənövşəyi lampa buraxılıb


Yaponiyanın nəhəng “Ushio Inc.” şəbəkə avadanlığı istehsalçısı koronavirusu insan sağlamlığına ziyan vurmadan məhv edən ultrabənövşəyi lampa buraxıb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bu, dünyada bu tipli ilk lampadır. Bu barədə Yaponiyanın “Kyodo” agentliyinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Ushio Inc.” tərəfindən Kolumbiya Universiteti ilə birlikdə hazırlanan “Care 222” ultrabənövşəyi lampası yaşayış binalarının, eləcə də ictimai istifadə yerlərinin, nəqliyyatın və s. dezinfeksiyası üçün istifadə ediləcək.

 

Ultrabənövşəyi lampalar xüsusilə tibbi və qida sənayesində effektiv sterilizasiya vasitəsi kimi geniş istifadə olunur. Lakin adi ultrabənövşəyi lampalardan insanların olduğu binalarda istifadə qadağandır. Buna səbəb kimi onların şüasının dəri və göz problemlərinə səbəb olması göstərilir. Yaponiya şirkəti tərəfindən hazırlanan lampa 222 nanometr dalğa uzunluğunda işıq saçdığı halda adi lampalar 254 nanometr dalğa uzunluğunda işıq saçırlar. İstehsalçı nümayəndələri bildirib ki, 222 nanometr dalğa uzunluğunda şüalar insan üçün təhlükəsiz olmaqla koronavirusa dağıdıcı təsir göstərir.

 

Məlumata görə, “Care 222” qurğusu 6-7 dəqiqəyə 3 kvadratmetr sahəli otaqlarda lampadan təxminən 2,5 metr uzaqda havada virus və bakteriyaların 99 faizini məhv edir.

 

Şirkət nümayəndələri bildirib ki, hazırda yalnız tibbi müəssisələrdən sifarişlər qəbul olunsa da, gələcəkdə digər müştərilərə xidmətin göstərilməsi nəzərdə tutulur.

 

Nizam Nuriyev






23/09/20    Çap et