Çinin “Xiaomi” şirkəti populyar “Redmi 9A” smartfonunun daha böyük yaddaş tutumu ilə təchiz edilən yeni modifikasiyasını nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, bu ilin iyununda təqdim edilən orijinal “Redmi 9A” versiyası 1600 × 720 piksel təsvir ölçülü “HD ” formatlı 6,53 düym diaqonallı “Dot Drop” ekranı, 2 QHs takt tezlikli “MediaTek Helio G25” prosessoru, 5 meqapikselli ön kamera, 13 meqapikselli sensorlu tək arxa kamera və işıqlandırıcı ilə təchiz olunub.
Bildirilir ki, indiyədək smartfonun üç versiyası mövcud olub. Bu, 4 giqabaytlıq operativ yaddaş və 128 və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik modellər, eləcə də 2 giqabaytlıq operativ yaddaş və 32 giqabaytlıq quraşdırılmış yaddaş tutumlu modifikasiyadır. Qiymət müvafiq olaraq 115, 90 və 75 dollar təşkil edir.
“Redmi 9A” smartfonunun qiyməti 145 dollara bərabər yeni versiyası 6 giqabaytlıq operativ yaddaşla təchiz edilib. Quraşdırılmış yaddaş 128 giqabayt tutumlu informasiyanın saxlanılması üçün hesablanıb.
Qurğu “Clear Sky Blue” (göy), “Sand Black” (qara) və “Lake Green” (yaşıl) olmaqla üç rəng variantında təklif olunacaq.
“Redmi 9A” smartfonunun yeni modifikasiyasının satışlarına sentyabrın 29-dan etibarən başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev