“Xiaomi” şirkəti “Mi 10T”, “Mi 10T Pro” və “Mi 10T Lite” adlı üç yeni smartfon təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, böyük və orta modellər “IPS” texnologiyası əsasında hazırlanan və “fullHD ” təsvir ölçüsünə malik 6,67 düym diaqonallı ekranla təchiz olunub. Matrisanın yeniləmə tezliyi 144 giqahersə bərabərdir. “Lite” versiyası oxşar ekrana malik olsa da, tezlik yeniləməsi 120 giqahers təşkil edir. Bütün smartfonlar yan klavişdə yerləşən barmaq izi skaneri ilə təchiz edilib.
“Mi 10T” və “Mi 10T Pro” beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləyən “Snapdragon 865” prosessoru üzərində qurulub. “Mi 10T Lite” bazarda ilk dəfə olaraq inteqrasiya edilmiş “5G” modemli “Snapdragon 750G” prosessoruna malikdir. Böyük versiyalarda quraşdırılmış yaddaş 128 və ya 256 giqabayt, operativ yaddaş isə 6 və ya 8 giqabayt ola bilər.
Əsas kameraları ilə fərqlənən böyük və orta versiyalar müvafiq olaraq optik sabitləşdiriciyə malik 108 meqapikselli və 64 meqapikselli modulla təchiz olunub. Qalan sensorlar eynidir – 13 meqapikselli enlibucaqlı və 5 meqapikselli makrosensorlar. Kiçik versiyada dörd sensor mövcuddur. Əsas sensor 64 meqapiksellidir.
Smartfonlar 33 vatt gücündə sürətli enerjidoldurmanı dəstəkləyir. “Mi 10T” və “Mi 10T Pro” modellərinin akkumulyator tutumu 5 min milliamper/saat, “Mi 10T Lite” smartfonunun 4820 milliamper/saat təşkil edir.
Oktyabrda satışa çıxarılacaq “Mi 10T” versiyası 500 avroya, “Lite” versiyası 279 avroya təklif olunacaq.
Nizam Nuriyev