Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OWC Thunderbolt Hub” birləşdirici stansiyası “Thunderbolt 4” interfeysli kompüterləri dəstəkləyəcək


“Other World Computing” (OWC) şirkəti müasir portativ kompüterlər üçün “Thunderbolt Hub” birləşdirici (dok) stansiyasını nümayiş etdirib. Yeni qurğu üçün sifarişlər 150 dollardan qəbul edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğu 40 Qbit/saniyə buraxılış qabiliyyətinə malik yüksəksürətli “Thunderbolt 4” interfeysini dəstəkləyən sistemlər üçün nəzərdə tutulub. Noutbuka qoşulma zamanı 60 vattadək enerjinin ötürülməsi təmin edilir ki, bu da akkumulyator batareyasını enerji ilə doldurmağa imkan verir.

 

Periferiya və kənar sürətli toplayıcılar üçün “USB Type-C” çıxışı əsasında üç “Thunderbolt” portu mövcuddur. Qurğuları zəncirvarı qoşmaq mümkündür. Bundan başqa, 10 Qbit/saniyəyədək məlumat ötürmə sürətinə malik “USB 3.2 Type-A” interfeysi nəzərdə tutulub.

 

Dok stansiyasına eyni anda “4K” formatlı iki displey və ya “5K”, “6K” və ya “8K” standartlı bir monitor qoşmaq olar. Beləliklə, istifadəçilər tələb olunan konfiqurasiyanın çoxekranlı sistemini yarada biləcəklər.

 

Stansiya enerjini elektrik şəbəkəsindən adapter vasitəsilə alır. Oktyabrdan tədarüklərinə başlanacaq “OWC Thunderbolt Hub” birləşdirici stansiyasının korpusu qara-gümüşü rəngdə hazırlanıb.

 

Nizam Nuriyev






02/10/20    Çap et