Yaponiyanın “Rakuten” şirkəti dünyada ön kamerası ekranın altında yerləşdirilmiş kommersiya cihazı təqdim edən üçüncü smartfon istehsalçısı olub.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, aparat Full HD təsvir ölçülü və daxili barmaq izləri skanerinə malik 6,9 düymlük OLED panelə malikdir. Qurğunun selfi modulu ekranın yuxarı hissəsində mərkəzə doğru yerləşdirilib və 32 meqapiksellik sensordan ibarətdir.
“Rakuten BIG” smartfonu “Qualcomm Snapdragon 765G” mobil platforması əsasında işləyir, 6 QB əməli yaddaş və “microSD” yaddaş kartı vasitəsilə artırıla bilən 128 QB-lıq daşıyıcı ilə təchiz edilib. Qurğu 4000 milliamper/saat tutumlu akkumulyatora malikdir. Modelin başqa faydalı xüsusiyyətləri arasında “IP68” standartı üzrə korpusun qorunması və təmassız ödəniş üçün daxili “NFC” çipi yer alıb.
Emil Hüseynov