Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tizen OS” ilə işləyən smartfonlar artıq “Facebook”, “WhatsApp”, “Instagram” və “Messenger” proqramlarını dəstəkləmir


“Facebook” şirkəti öz əsas mobil proqramlarını “Tizen Store” mağazasından silib. Artıq “Samsung Tizen OS” sisteminin idarəetməsi altında işləyən qurğulara “Facebook”, “WhatsApp”, “Instagram” və “Messenger” mobil proqramlarını quraşdırmaq mümkün deyil.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “Facebook” şirkətinin quraşdırılmış proqramları, həmçinin “Tizen” platformasında öz işini dayandırıb. Məsələn, “WhatsApp” messencerini işə salmaq istədikdə qurğu daha dəstəklənmir və messencerdən istifadə etmək üçün başqa platformaya keçmək lazım olduğu bildirilir. Maraqlıdır ki, “WhatsApp” proqramı “Tizen Store” mağazasında ən çox yüklənən tətbiq olub. Bu, ilk növbədə onunla izah edilir ki, “WhatsApp” messenceri “Tizen” sisteminin idarəetməsi altında işləyən smartfonlarda əlçatan olan yeganə qlobal messencer idi.
“Tizen” sistemi ilə işləyən yeni smartfonların artıq bir neçə ildir ki satışa çıxarılmadığını nəzərə alsaq, “Facebook”un qərarını tamamilə qanunauyğun hesab etmək olar. Bildirək ki, “Samsung” şirkəti “Tizen” sistemi ilə işləyən 4 smartfon modeli təqdim edib.
 
Emil Hüseynov




03/10/20    Çap et