"SensorTower" analitik şirkəti 2020-ci ilin üçüncü rübündə dünyada istifadəçilərin 36,5 milyard mobil əlavə quraşdırmasını açıqlayıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 23,3 faiz çoxdur. Söhbət "Google Play" və "App Store" mağazalarında ümumi yükləmələrdən gedir.
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, bundan başqa, iki mağazada ümumi istifadəçi xərclərində 32 faiz artım qeydə alınıb. "TikTok" bu ilin üçüncü rübündə ən çox yüklənilən əlavə olaraq qalır. O, həm "Google Play Store"da, həm də "Apple App Store"da birinci yeri tutur.
"Facebook", "Zoom", "WhatsApp" və "Instagram" kimi əlavələr də böyük populyarlığa malikdir. "TikTok" isə son vaxtlar müzakirələrin mərkəzində olub. Belə ki, ABŞ hökuməti tərəfindən qadağa təhlükəsi ilə üzləşən şirkət "Oracle" və "Walmart" ilə razılıq əldə edib və hazırda fəaliyyətini davam etdirir.
Xərclərin həcminə görə "iOS" böyük fərqlə "Android" sistemini üstələməkdə davam edir. Üçüncü rübdə "App Store" mağazasının mədaxili 19 milyard dollar təşkil edib. "Google Play" mağazasında isə bu göstərici 10,3 milyard dollara bərabər olub. Nəzərə almaq lazımdır ki, Çində "Android" istifadəçiləri "Google Play"dən istifadə etmirlər. Bu səbəbdən Çinin "Android" istifadəçilərinin xərcləri barədə məlumatlar burada nəzərə alınmayıb.
Nizam Nuriyev