“Microsoft” korporasiyası Yunanıstanda data mərkəzinin inşasını planlaşdıraraq ölkədə “bulud” servisləri infrastrukturuna investisiya qoyacaq. Bu, onillik borc böhranı və koronavirus pandemiyası nəticəsində zəifləyən iqtisadiyyata töhfə verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, oktyabrın 5-də Afinada virtual tədbirdə çıxış edən korporasiya prezidenti Bred Smitin sözlərinə görə, yeni data mərkəzi biznes, istehlakçılar və banklar üçün faydalı olacaq.
İnvestisiyaların məbləği açıqlanmasa da, Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas bildirib ki, vəsaitlər yaxın illərdə 500 milyon avro dəyərində yeni infrastrukturun yaradılmasına və 50 milyon avro məbləğində illik xərclərə sərf olunacaq.
“Microsoft” prezidentinin sözlərinə görə, bu, korporasiyanın Yunanıstanda 28 illik fəaliyyəti ərzində ölkəyə yatırılacaq ən böyük investisiyası olacaq.
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis qeyd edib ki, data mərkəzi Yunanıstana 1 milyard avro məbləğində uzunmüddətli qazanc gətirəcək.
“Yunanıstan dünyanın “bulud” hesablamaları mərkəzinə çevriləcək”, – Baş nazir bəyan edib. O, həmçinin əlavə edib ki, müasir hesablama mərkəzi ölkəni investorlar üçün cəlbedici edəcək.
Onun sözlərinə görə, layihəyə 100 minə yaxın insana rəqəmli biliklərin öyrədilməsi üzrə proqram daxil ediləcək.
Nizam Nuriyev