“Group-IB” şirkətinin mütəxəssisləri videokonfransların təşkili üçün populyar “Zoom” proqramının istifadəçilərindən pul oğurlanmasının yeni üsulu barədə məlumat verib. Fırıldaqçılar mətn formasındakı boşluqdan istifadə edərək xidmətin rəhbərliyi adından müraciət edirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Group-IB” şirkətinin nümayəndələri bildiriblər ki, fırıldaqçılar qeydiyyat formasında hər bir mətn sahəsində 64 simvol uzunluğunda ad və soyadı göstərmək imkanından istifadə ediblər. Hakerlər “xoş gəlmisiniz” səhifəsini redaktə ediblər və ora "COVID-19 ilə əlaqədar kompensasiya almaq hüququna maliksiniz" ifadəsini yazıblar, həmçinin pulu almaq üçün link əlavə ediblər.
Həmin linkə keçid etdikdə istifadəçiyə bank kartının məlumatlarını (daha dəqiq son 4 və ya 6 rəqəmini) qeyd etmək təklif edilir ki, bu da ilk baxışda şübhə doğurmur. Bundan sonra "kompensasiya" məbləği göstərilir. Həmin məbləği almaq üçün fırıldaqçılar 12 dollar məbləğində "hüquqi yardım" ödəməyi təklif edirlər. Məhz bu mərhələdə istifadəçilər bank kartının məlumatlarını yazıblar və beləliklə, pulu cinayətkarlara köçürmüş olublar.
Emil Hüseynov