Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistanın hüquq-mühafizə orqanları “Duqu” operatorlarının fəaliyyətini araşdırır


“Röyters” agentliyi bildirir ki, Hindistanın hüquq-mühafizə orqanları ziyanverici “Duqu” proqram təminatının fəaliyyətinə xidmət etmiş serverləri yerləşdirmiş internet-hosterlər barəsində araşdırma aparır.

Bir çox antivirus ekspertləri qeyd ediblər ki, “Duqu” “soxulcan”ı və ona oxşar nümunələr son aylar ərzində yaranmış ən ciddi təhlükələrdən biridir.

Server obyektləri Mumbayda yerləşən “Web Werks” şirkəti Hindistanın “CERT-İndia” (Computer Emergency Response Team) yüksəktexnologiyalı bölməsi tərəfindən keçirilən araşdırma fiqurantlarından biri olub.

Bundan  əvvəl “Symantec” antivirus şirkəti qeyd etmişdi ki, ziyanverici “Duqu” proqram təminatının bir sıra əmr serverləri “Web Werks” məlumat mərkəzində yerləşdirilib.

Qeyd edək ki, “Duqu” virusu haqqında ilk məlumatlar oktyabr ayının 18-də çıxıb. Daha sonra bir sıra antivirus laboratoriyaları bildirib ki, “Duqu” virusu  “Stuxnet”-dən sonra sənaye obyektlərinə hücuma yönəldilmiş ikinci ziyanverici proqram təminatıdır.

Səs-küyə səbəb olmuş “Stuxnet” kimi “Duqu” troyanı da sənaye obyektlərinə, daha dəqiq, bu obyektləri idarə edən kompyuter sistemlərinə hücum üçün nəzərdə tutulub.

Lakin “Stuxnet”-dən fərqli olaraq, “Duqu” virusu sənaye sistemlərinə düşür və onlardan müxtəlif məlumatları oğurlayır. “Stuxnet” virusu isə sənaye avadanlıqlarına təsir etməyə çalışırdı.





13/12/11    Çap et