Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsraildə “5G” şəbəkəsi işə salınıb


İsraildə beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) rəsmən kommersiya istifadəsinə verilib. “5G” xidmətləri “Partner”, “Pelephone” və “HOT mobile” operatorları tərəfindən təklif olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, hazırda ölkədə 250 ədəd “5G” baza stansiyası quraşdırılıb və hər həftə onlarla mobil retranslyator işə salınır. Baza stansiyaları Təl-Əviv, Eylat, Yeruham, Dimon, Beer-Şev, Kiryat-Şmon, Aful, Ginosar, Hayfa, Krayot, Gersli, Qüds və Hader şəhərlərində fəaliyyət göstərir.

 

Məlumata görə, “5G” şəbəkəsinin istifadəyə verilməsi ilə əlaqədar operatorlar tərəfindən abunəçilərə yeni xidmətlər paketi təklif edilir. Məsələn, “Pelephone” şirkəti aylıq qiyməti 59,90 şekel təşkil edən mobil rabitə paketi və 500 giqabaytlıq internet trafiki təqdim edib.

 

Bundan başqa, “HOT mobile” tərəfindən abunəçilərə eyni qiymətə 500 giqabaytlıq internet trafiki, 5 min SMS və 350 dəqiqə beynəlxalq telefon danışıqları paketi təklif olunur.

 

Qeyd olunur ki, hazırda İsraildə “5G” şəbəkəsinin əhatə dairəsi genişlənmə mərhələsində olduğundan ölkədə onun mövcud olmadığı çoxlu zonalar var. Bundan əlavə, yeni texnologiyadan istifadə üçün abunəçi “5G” şəbəkəsini dəstəkləyən smartfona malik olmalıdır.

 

Nizam Nuriyev






09/10/20    Çap et