Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Realme” şirkəti ilk “SLED” televizor təqdim edib


“Realme” brendi geniş təqdimat çərçivəsində dünyada ilk “SLED” matrisalı televizor nümayiş etdirib. İstehsalçı bu texnologiyanı “Samsung” və digər şirkətlər tərəfindən istifadə edilən “QLED” texnologiyasının alternativi kimi qələmə verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Realme Smart TV SLED 4K” modeli 3840x2160 piksel təsvir ölçülü və 60 giqahers tezlik yeniləməsinə malik 55 düym diaqonallı ekranla təchiz edilib. “NTSC” rəng məkanını 108 faiz əhatə edən displey geniş rəng qammasına malikdir. Bundan başqa, rənglərin gücləndirilməsi və kinematoqrafiya təsvirinin yaradılması vasitəsilə görüntünü yaxşılaşdıran “Chroma Boost Picture Engine” texnologiyası dəstəklənir. Həmçinin gözün yükünü azaltmağa imkan verən mavi şüanın aşağı səviyyədə olduğu bildirilir.

 

Nazik (9,9 mm) çərçivə sayəsində ekran sahəsinin korpusa nisbəti 94,6 faiz təşkil edir. Televizoru həm dəstə daxil olan ayaqlar üzərində quraşdırmaq, həm də divara asmaq mümkündür. Arxa tərəfdə üç HDMI, iki “USB”, “LAN” portu və audiotexnikaya qoşulmaq üçün bir sıra digər çıxışlar mövcuddur. Qurğuda səs ümumi gücü 24 vatta bərabər və “Dolby Audio” texnologiyasını dəstəkləyən dörd dinamikdən ibarət sistem tərəfindən təmin edilir.

 

“Android TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyən televizor quraşdırılmış “Google Play” mağazasına malikdir ki, bu da böyük ekrana uyğunlaşdırılan proqram və oyunları yükləməyə imkan verir. “Chromecast” rəqəmli pleyerinin mövcudluğu kontenti smartfon və ya planşetə translyasiya etməyə şərait yaradır. Bundan əlavə, “Google Assistant” vasitəsilə internetdə məlumat axtarmaq və “ağıllı” evi idarə etmək olar. Pultda “Netflix”, “YouTube” və “Google Assistant” servislərinin tez işə salınması üçün düymələr nəzərdə tutulub.

 

Oktyabrın 16-dan etibarən Hindistanda satışa çıxarılacaq “Realme Smart TV SLED 4K” televizorunun qiyməti 587 dollar təşkil edir. Qurğunun digər ölkələrin bazarlarına nə vaxt çıxarılacağı barədə məlumat verilmir.

 

Nizam Nuriyev






09/10/20    Çap et