“SpaceX” şirkətinin təsisçisi İlon Maskın 2018-ci ildə kosmosa buraxılan “Tesla Roadster” avtomobili Mars planetinin 7 milyon kilometrliyindən uçub. Bu barədə kosmonavtika üzrə məşhur ABŞ eksperti Conatan Makdauell bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, avtomobil kosmosa 2018-ci ilin fevralında ağır sinifli ilk “Falcon-Heavy” raketdaşıyıcısı vasitəsilə göndərilib. O, manekenlə birlikdə heliosentrik orbitlə – Günəş ətrafında hərəkət edən raketin ikinci pilləsinə bərkidilmiş vəziyyətdə qalıb.
Ekspert “Twitter” səhifəsində qeyd edib ki, onun hesablamasına görə, avtomobil oktyabrın 7-də Bakı vaxtı ilə saat 10:25-də Marsın 7,417 milyon kilometrliyindən uçub. Bu, “Tesla Roadster” avtomobilinin Qırmızı planetə yaxınlaşa biləcəyi ən az məsafədir.
Bir müddət əvvəl İ.Mask 2050-ci ilədək Marsa 1 milyon insan göndərmək niyyətində olduğunu açıqlayıb. “SpaceX” şirkəti “Super Heavy” çoxdəfəli raketdaşıyıcı və “Starship” gəmisindən ibarət nəqliyyat sistemi hazırlayır. Sistem peyk, ekipaj və yükləri Marsa çatdırmağa imkan verəcək.
Nizam Nuriyev