"IDC" analitik şirkəti 2020-ci ildə dünyada 396 milyon müxtəlif elektron aksesuarının (saat, bilərzik, qulaqcıq və s.) satılacağını proqnozlaşdırır. Bu, 2019-cu ilin göstəricisindən 14,5 faiz çoxdur. Yaxın illərdə satış həcmi sürətlə artaraq 2024-cü ilədək ildə 637,1 milyona çatacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, analitiklər qurğularla yanaşı, müvafiq servislərin inkişafına diqqət yetirirlər. Məsələn, bu yaxınlarda "Apple" şirkəti tərəfindən açılan "Fitness " servisi, "Amazon Halo" və "Fitbit Premium" servisləri idmanla məşğul olmaq üçün nəzərdə tutulub – onlar qurğuların məlumatından istifadə edərək məşqlərin və pəhrizin uçotunu aparır. Bir sıra şirkətlər xəstələrin aşkarlanması və distansiyanın saxlanılmasına dəstək üçün qurğuların məlumatından istifadə edir.
Elektron aksesuarların ən çoxsaylı kateqoriyası qulaqcıqlardır. 2020-ci ildə onların satış həcmi 234,3 milyon ədəd (aksesuarların ümumi sayının 59,2 faizi), 2024-cü ildə 396,6 milyon (62,8 faiz) təşkil edəcək. Saatlar seqmentində "Fitbit OS" sistemi ilə birləşdirilən "Google WearOS" əməliyyat sisteminin payı artacaq. "Samsung Tizen" sistemi "Galaxy" saatlarının yayılması sayəsində tədricən populyarlıq qazanacaq. Lakin lider "Apple watchOS" əməliyyat sistemi olaraq qalacaq.
Bilərziklərin (əsasən addımların sayını sayan və kalori miqdarını hesablayan) satışı nisbətən zəif – ildə 2,4 faiz artacaq. 2024-cü ilədək onların orta qiyməti isə 40 dollardan ucuz olacaq.
Nizam Nuriyev