Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” şirkəti “Android 10” sistemli televizorlar təqdim edib


“Motorola” şirkəti “ZX2” seriyalı 32, 40, 43 və 55 düym diaqonallı “ağıllı” televizorlar nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, təqdim edilən modellər dünyada “MediaTek MT9602” aparat platformalı ilk televizorlardır. Prosessor 1,5 QHs takt tezlikli dörd “ARM Cortex-A53” nüvəsini və “ARM Mali-G52 MC1” qrafik sürətləndiricisini birləşdirir.

 

32 düymlük “ZX2 32” modeli “HD” (1366 × 768 piksel) təsvir ölçüsünə, 300 kandel/kvadratmetr parlaqlığa və 3000:1 nisbətli kontrastlığa malikdir. 40 düym diaqonallı televizor “Full HD” (1920 × 1080 piksel) təsvir ölçüsü, 320 kandel/kvadratmetr parlaqlığı və 5000:1 nisbətli kontrastlığı ilə seçilir. Qurğular 2 giqabaytlıq operativ yaddaş və 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib.

 

43 və 55 düym diaqonallı panellər “4К” (3840 × 2160 piksel) formatına uyğundur. Parlaqlıq 350 kandel/kvadratmetr, kontrastlıq 3000:1, operativ yaddaş tutumu 2 giqabayt, quraşdırılmış 32 giqabayt təşkil edir.

 

“Dolby Vision” və “HDR10” texnologiyalarını dəstəkləyən yeni qurğular 2,4/5 QHs diapazonlu “Wi-Fi” adapteri, “HDMI”, “USB” və “Ethernet” interfeysləri ilə təchiz olunub. Həmçinin “Dolby Atmos” və “DTS Studio Sound” texnologiyalı audiosistem mövcuddur.

 

“Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən televizorların qiyməti 190-560 dollar arasında dəyişir. Onların satışına oktyabrın 15-dən etibarən başlamaq nəzərdə tutulur.

 

Nizam Nuriyev






12/10/20    Çap et