ABŞ ordusunda itlər üçün nəzərdə tutulan xüsusi eynəyin testləri üzrə proqramın həyata keçirilməsinə başlanılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, hərbi xidmətdə olan itlər müxtəlif partlayıcı qurğuların axtarışı və ərazinin patrulunun aparılmasında iştirak daxil olmaqla çoxlu tapşırıqlar yerinə yetirirlər. Kinloqlar tərəfindən onlara səsli komandalar verilir və ya jestlərdən və lazer göstəricilərindən istifadə olunur. Son iki halda təlimatçı və itin bir-birinin görmə əhatəsində olması tələb edilir.
ABŞ ordusunun tədqiqat laboratoriyasının nəzarəti altında “Command Sight” şirkəti tərəfindən hazırlanan və hazırda prototip şəklində mövcud olan eksperimental eynək itlərə təlimatçılardan uzaq məsafədə olan zaman komandaları yerinə yetirməyə imkan verir. Eynək görüntünü real vaxt rejimində translyasiya edən kamera və müxtəlif komandaları daxil etməyə imkan verən ekranla təchiz edilib. Hazırda eynəkdə kabellərdən istifadə olunsa da, gələcək versiyaların simsiz olacağı bildirilir. Eynəyin istehsalına iki ildən sonra başlamaq nəzərdə tutulur.
“Command Sight” şirkətinin təsisçisi və rəhbəri Ey. Ci. Peperin (A. J. Peper) sözlərinə görə, hazırda layihə ilkin mərhələdə olsa da, çox ümidverici nəticələr nümayiş etdirir.
Nizam Nuriyev