“International Data Corporation” (IDC) şirkəti ənənəvi fərdi kompüterlər (masaüstü, noutbuk və işçi stansiyalar) üçün qlobal bazarda kəskin artım qeydə alıblar. Bu ilin üçüncü rübündə kompüterlərin tədarük həcmi 14,6% artaraq 81,3 milyon təşkil edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, analitiklər qeyd ediblər ki, bu vəziyyət pandemiya ilə izah olunur. Özünü təcridetmə, distant iş rejimi və distant təlim şəraitində istifadəçilərə əlavə cihazlar lazım olub.
23,7% bazar payına malik “Lenovo” şirkəti qlobal fərdi kompüter bazarında ən böyük “oyunçu”dur. İllik hesablama üzrə bu şirkət tədarük həcmini 11,3% artırıb. 23% bazar payına sahib “HP” şirkəti ikinci yeri tutub: bu istehsalçı tədarük həcmini 11,2% artırıb. 14,8% bazar payına malik “Dell” şirkəti üçüncü olub, ancaq bir ildə şirkətin kompüterlərinin satış həcmi 0,8% azalıb.
Analitiklər bildirirlər ki, ümumilikdə bu sahədə qeydə alınmış müsbət dinamikaya baxmayaraq, pandemiya şəraitində bəzi FK istehsalçıları müəyyən komponentlərin çatışmazlığı ilə bağlı çətinliklərlə üzləşiblər. Bu vəziyyətin 2021-ci ilin əvvəlinədək sabitləşməsi ehtimalı azdır.
Emil Hüseynov