Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkətinin smartfon biznesi satıla bilər


"Huawei Technologies" korporasiyası "Digital China Group" və digər şirkətlərlə "Honor" smartfon biznesinin satılması ilə bağlı danışıqlar aparır. Bu barədə "Reuters" informasiya agentliyinin mənbələrə istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, nəzərdə tutulan sövdələşmənin təxmini dəyəri 15-25 milyard yuan (2,2-3,7 milyard dollar) təşkil edir. Bu addımın "Honor" brendinin ilk növbədə gənc auditoriya və nisbətən ucuz qurğular üçün nəzərdə tutulmasına görə "Huawei" şirkətinin diqqəti premium sinifli smartfonlara yönəltməsi üçün atıldığı bildirilir.

 

Məlumata görə, satılacaq aktivlərin dəqiq siyahısı hələ müəyyənləşməsə də, ona "Honor" əmtəə markası, tədqiqat-konstruktor resursları, eləcə də təchizat zəncirinin idarəetməsi üzrə bölmənin daxil ediləcəyi gözlənilir.

 

"Digital China" şirkəti "Honor" smartfonlarının ən böyük distributorları qismində çıxış edir və brendin mümkün gələcək sahibi hesab edilir. Lakin yayılan digər məlumatlara görə, potensial alıcılar kimi "TCL" və "Xiaomi" şirkətləri də çıxış edir. Lakin danışıqlar gizli getdiyindən onlar bunu açıqlamaq istəmirlər.

 

Agentlik "Huawei", "TCL", "Digital China" və "Xiaomi" şirkətlərindən "Honor" brendinin mümkün satılmasına münasibət öyrənməyə çalışsa da, onlar məsələni şərh etməkdən imtina ediblər.

 

Nizam Nuriyev






14/10/20    Çap et