Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play”də proqram yükləmələrinin sayı 28,3 milyarda çatıb


2020-ci ilin üçüncü rübündə “Google Play” mağazasında proqram yükləmələrinin sayı 28,3 milyarda çatıb. Bu, göstəricisi 8,2 milyarda bərabər “App Store” mağazasından üç dəfə çoxdur. “Google Play”də yükləmələrin sayı ötən illə müqayisədə 31 faiz artıb. Bu barədə “SafeBettingSites” saytının məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Google Play” yükləmə sayında lider olmaqla yanaşı, ən çox proqramların cəmləşdiyi mağazadır. İlin ikinci rübünə olan vəziyyətə görə, “Android” istifadəçilərinə seçim üçün 2,7 milyon mobil əlavə təklif olunub ki, bu da əvvəlki rübdən 5,85 faiz çoxdur.

 

“Apple App Store” mağazasında “iOS” əməliyyat sistemi üçün 1,82 milyon proqram mövcuddur ki, bu da birinci rübdən 1,2 faiz azdır. Sonrakı mövqelərdə mobil əlavə sayı müvafiq olaraq 669 və 450 minə bərabər “Windows Store” və “Amazon Store” mağazaları yer alıb.

 

Statistikaya görə, oyun proqramları ikinci rübdə “Google Play” mağazasında ən populyar mobil əlavə kateqoriyası olub. Onların mövcud proqram göstəricisi 13,49 faiz təşkil edib. İkinci yeri 9,11 faiz payla təhsil proqramları tutub. Sonrakı pillələrdə müvafiq olaraq 6,95 və 5,98 faiz payla biznes proqram və alətləri qərarlaşıb.

 

Nizam Nuriyev






15/10/20    Çap et