“Counterpoint Technology Market Research” şirkəti “Huawei” şirkətinin dünya smartfonlar bazarında payının xeyli azalmasını qeydə alıb. Buna səbəb kimi ABŞ tərəfindən Çinin telekommunikasiya nəhənginə qarşı tətbiq edilən sərt sanksiyalar göstərilir.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, bu ilin aprelində “Huawei” 21 faiz payla qlobal miqyasda aparıcı smartfon tədarükçüləri siyahısında birinci yerdə olub. İkinci pillədə “Samsung” (20 faiz) yer alıb. Bundan başqa, “Apple” və “Xiaomi” şirkətlərinin müvafiq olaraq 12 və 8 faizlik paya sahib çıxması sadalanır.
Avqustda “Huawei”in payının 16 faizədək azalması nəticəsində şirkət dünya smartfon tədarükçüləri reytinqində ikinci pilləyə enib. 22 faizlik nəticə nümayiş etdirən Cənubi Koreya nəhəngi “Samsung” isə liderliyini bərpa edib.
“Apple” şirkətinin payı əvvəlki səviyyədə qalıb – təxminən 12 faiz. Bununla yanaşı, “Xiaomi” mövqeyini 11 faizədək möhkəmlədə bilib.
Analitiklərin fikrincə, yaxın vaxtlarda “Huawei” şirkətinin payı azalmaqda davam edəcək ki, bu da rəqiblər üçün əlverişli olacaq. Həmçinin qeyd olunur ki, “Apple” şirkəti “iPhone 12” seriyalı “5G” dəstəkləyən ilk qurğuların buraxılışı sayəsində smartfon tədarükünü genişləndirə bilər.
Nizam Nuriyev