Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ramin Quluzadə Yaponiyanın yeni səfirinə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə danışıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada arasında görüş keçirilib.

 

Nazir Cuniçi Vadanı ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.

 

Görüş zamanı Ramin Quluzadə səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə məlumat verib.

 

Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Ordubad rayonlarına, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 3-ü uşaq olmaqla, 47 dinc sakin həlak olub, 23-ü uşaq olmaqla 230-a yaxın mülki şəxs yaralanıb, 38 məktəb daxil olmaqla 2 mindən çox mülki infrastruktura, o cümlədən telekommunikasiya və poçt infrastrukturuna ziyan dəyib.

 

"Sentyabrın 27-də Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin beş üzvü, o cümlədən 13 və 14 yaşlı, bir ailənin üzvü iki məktəbli Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Ermənistanın hücumları cəbhə zonasının və Ermənistanla sərhədin yaxınlığındakı yüzlərlə məktəbdə təhsil prosesinə ciddi ziyan vurub, azərbaycanlı uşaqların təhsil almaq hüququ bir daha pozulub. Oktyabrın 11-də gecə saatlarında cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla, 34 nəfər yaralanıb. 3 uşaq hər iki valideynini itirib. Oktyabrın 15-də Ermənistan silahlı qüvvələri işğal olunmuş Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket atıb. Beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi hərbi və müharibə cinayətlərinə görə sərt şəkildə qınamalı, bu fəaliyyətindən çəkinməyə çağırmalıdır", – deyə Ramin Quluzadə vurğulayıb.

 

Görüşdə iki ölkə arasında innovasiya və yüksək texnologiyalar, o cümlədən tranzit daşımalar və aviasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hazırda ölkələrimiz arasında aviasiya sahəsində yükdaşımaların "Silkway" şirkəti vasitəsilə həyata keçirildiyini deyən səfir Cuniçi Vada gələcəkdə sərnişindaşımanın da inkişaf etdirilməsi istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb. Səfir bildirib ki, Azərbaycan və Yaponiya arasında turizmin inkişafı bu sahəyə təkan verə bilər. "Təəssüf ki, hazırda COVID-19 pandemiyası ilə əlaqədar turizm sahəsi bütün dünyada durğunluq yaşayır".

 

Eyni zamanda görüşdə Azərbaycanın Yüksək Texnologiyalar parklarında Yaponiyanın texnologiya şirkətləri tərəfindən elmtutumlu istehsalat müəssisələrinin yaradılması imkanları müzakirə olunub.






16/10/20    Çap et