Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OPPO Smart TV S1” televizoru “QLED” matrisası ilə təchiz edilib


Çinin “OPPO” şirkəti 65 düym diaqonallı qabaqcıl “Smart TV S1” modelini nümayiş etdirməklə ilk “ağıllı” televizorunu rəsmən təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, panelin əsasını 210 işıqlandırma zonasına malik kvant piksellər əsasında keyfiyyətli “QLED” matrisası təşkil edir. Təsvir ölçüsü “4К” (3840 × 2160 piksel) formatına uyğundur. Yeniləmə tezliyi 120 giqahersə çatır və “NTSC” rəng məkanının 120 faiz əhatə olunması təmin edilir. Qurğunun pik parlaqlığı 1500 kandel/kvadratmetrə bərabərdir. Həmçinin “HDR10 ” və “Dolby Vision” texnologiyaları dəstəklənir.

 

Hesablama 8,5 giqabaytlıq operativ yaddaşla birlikdə işləyən 1,8 giqahers takt tezlikli dördnüvəli “MediaTek MT9950” prosessoru tərəfindən aparılır. Bundan başqa, 128 giqabaytlıq quraşdırılmış yaddaş nəzərdə tutulub.

 

Televizor “Wi-Fi 6” və “Bluetooth 5.0” simsiz rabitəsini dəstəkləyir. “Ethernet” şəbəkə kontrolleri kompüter şəbəkəsinə keyfiyyətli simli qoşulmanı təmin edir. Bundan əlavə, üç “HDMI 2.1” interfeysi və iki “USB Type-A” portu mövcuddur.

 

Yeni qurğu “Dynaudio” şirkəti ilə tərəfdaşlıqda yaradılan keyfiyyətli audiosistemlə təchiz olunub. O, ümumi gücü 85 vatt təşkil edən 18 dinamikdən ibarətdir. Həmçinin “Dolby Audio” texnologiyasının dəstəklənməsi tətbiq edilib.

 

Məlumata görə, digər xüsusiyyətlər arasında irəliyə çıxan kamera və bir toxunuşla smartfon materiallarının televizor ekranına translyasiyasını təşkil etməyə imkan verən “NFC” texnologiyasına malik məsafədən idarəetmə pultunu qeyd etmək olar.

 

Noyabrın 1-dən etibarən satışa çıxarılacaq “OPPO Smart TV S1” televizorunun təxmini qiyməti 1050 dollar təşkil edir.

 

Nizam Nuriyev






20/10/20    Çap et