Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“GM” elektromobillərin istehsalı üzrə zavoda 2 milyard dollar investisiya qoyacaq


“GM” şirkəti Tennesi ştatının Sprinq Hill şəhərində yerləşən zavodda elektromobillərin istehsalına 2 milyard dollar investisiya yatırmaq niyyətindədir. Yenilənmiş zavod “Cadillac Lyriq” elektrik yolsuzluq avtomobili və digər modellər istehsal edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, bununla bağlı bəyanat şirkətin elektromobillərin buraxılışı üçün nəzərdə tutulan Detroyt Hamtramk yığma mərkəzi əsasında yeni “Factory Zero” zavodunun fəaliyyətə başlayacağı elan edildikdən bir neçə gün sonra verilib.

 

Sprinq Hill şəhərində yığma zavodu “GM” şirkətinin Miçiqanda elektromobillərin istehsalı üzrə “Factory Zero” və “Orion Assembly” zavodlarından sonra üçüncü müəssisəsi olacaq. Lakin “Factory Zero” zavodundan fərqli olaraq yenilənmiş zavod həm elektromobillər, həm də benzin mühərrikli avtomobillər buraxacaq. Söhbət “Cadillac XT6” və “XT5” modellərindən gedir.

 

“Cadillac Lyriq” elektrik yolsuzluq avtomobilinin 2022-ci ildə 60 min dollara satışa çıxarılacağı gözlənilir.

 

Nizam Nuriyev






21/10/20    Çap et