Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi ilə görüş keçirilib.
Görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “KOICA” Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə nazirlik ilə “KOICA” arasında mövcud uğurlu əməkdaşlıq, o cümlədən “CIAT” (Capacity Improvement and Advancement for Tomorrow) proqramı çərçivəsində 2021-ci ildən icrasına başlanılacaq “Kibertəhlükəsizlik üzrə potensialın gücləndirilməsi 2021-2023” (Cyber security capacity building) layihəsi ilə bağlı məsələlər və perspektiv istiqamətlər müzakirə olunub.
Hazırda ölkəmizin Ermənistan və erməni lobbisi tərəfindən təşkil olunan informasiya müharibəsi şəraitində yaşadığı bir zamanda kibertəhlükəsizlik üzrə layihələrin dəstəklənməsinin iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verəcəyi vurğulanıb.