Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi beynəlxalq təşkilatlara və ölkələrə müraciət etdi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə həmsədrlik etdiyi Hökumətlərarası komissiyaların (Avstriya, Estoniya, İraq, Misir, Koreya) qarşı tərəfdən həmsədrlərinə, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı, Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, Dəmir Yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilat, Regional Rabitə Birliyi, Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı (CEPT), Dövlətlərarası Aviasiya Komitəsi, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına müraciətlər ünvanlayıb.
 
Müraciətlərdə Ermənistan silahlı qüvvələrinin cari ilin 27 sentyabr tarixində başlayan növbəti hərbi təxribatları, o cümlədən mülki əhalinin qorunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üçün Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum tədbirləri diqqətə çatdırılıb. Həmçinin Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində mülki əhali arasında itkilər və mülki infrastruktura dəyən ziyan barədə məlumat verilib.
 
Aidiyyəti üzrə müraciətlərdə Ermənistanın regional əhəmiyyətli bağlantı layihələrinə yaratdığı təhdidlər vurğulanıb, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyi genişləndirməyə və Ermənistanın 1949-cu il Cenevrə konvensiyalarına və onların əlavə protokollarına zidd olaraq Gəncə və Azərbaycanın digər şəhərlərindəki mülki insanlara qarşı vəhşi hücumları pisləməyə çağırılıb.
 






22/10/20    Çap et