“HMD Global” şirkəti “Nokia 8.3 5G” smartfonunu martda rəsmən təqdim edib və sentyabrın 22-də dünya bazarına satışa çıxarıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfon iki SİM kart üçün çıxışa malikdir. Lakin qurğuya iki kart yerləşdirilən zaman “5G” dəstəyi yalnız bir kartda mövcud olur.
“NokiaPowerUser” portalının məlumatına görə, bu çatışmazlığı aradan qaldırmaq məqsədilə gələcəkdə smartfon “5G” şəbəkəsində eyni anda iki SİM kart dəstəyi ilə təmin ediləcək. Hazırda “Nokia 8.3 5G” smartfonuna iki SİM kart yerləşdirilən zaman bir SİM kart üçün “5G”, “4G”, “3G” və “2G”, digəri üçün “4G”, “3G” və “2G” dəstəyi təmin olunur.
Bildirilir ki, “Nokia” şirkəti artıq smartfon üçün iki kartın “5G” şəbəkəsini dəstəkləməsi üçün proqram yeniləməsi hazırlayıb, lakin onu hələ ki yaymır.
Nizam Nuriyev