Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya İT bazarında artım bərpa ediləcək


“Gartner” analitik şirkəti dünya informasiya texnologiyaları (İT) bazarı üzrə yeni proqnoz dərc edib. Proqnoza görə, hazırda pandemiya ilə əlaqədar xərclərin azalması müşahidə edilsə də, gələcəkdə sahədə artım bərpa ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, 2019-cu ildə dünya İT bazarının pul ifadəsində həcmi 3,82 trilyon dollar təşkil edərək 2018-ci illə müqayisədə 2,4 faiz artıb. Bu rəqəmlərə bütün elektron qurğular, data mərkəzləri üçün sistemlər, korporativ sinifli proqram təminatı, İT servisləri və kommunikasiya servisləri sahəsində xərclər daxildir.

 

Analitiklərin fikrincə, bu il xərclər 5,4 faiz azalaraq təxminən 3,61 trilyon dollar olacaq. Ən çox azalma (13,4 faiz) elektron qurğular seqmentində proqnozlaşdırılır. İT sahəsində xərclər 4,6 faiz, korporativ proqram təminatı sahəsində 3,6 faiz azalacaq.

 

Bu il koronavirusdan dəyən ziyandan sonra 2021-ci ildə bazarda artımın bərpa olunacağı gözlənilir. Xərclər 3,75 trilyon dollaradək artacaq ki, bu da cari illə müqayisədə 4 faizlik artıma bərabər olacaq. Həmçinin “Gartner” analitikləri hesab edir ki, xərclərdə artım bütün İT seqmentlərində müşahidə ediləcək.

 

Nizam Nuriyev






24/10/20    Çap et