Böyük Britaniyanın "Clario" antivirus həlləri istehsalçısı istifadəçi məlumatları toplayan şirkətlərin reytinqini tərtib edib. Söhbət istifadəçilərin daxil olduğu saytların və onların aldığı malların reklam mexanizmi məqsədilə izlənilməsi üçün istifadə edilən "cookie" faylları kimi standart izləmə texnologiyalarından getmir. "Clario" sosial şəbəkə, onlayn mağaza, multimedia servisləri və s. tərəfindən istifadəçi onlara abunə olduqdan sonra dərhal və ya bir müddət ötdükdən sonra toplanılan istifadəçi məlumatlarını dəqiqliklə nümayiş etdirən ətraflı informativ qrafika yaradıb.
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "Clario" mütəxəssisləri tərəfindən şirkətləri maraqlandıran fərdi məlumatlar üçün 32 kriteri müəyyənləşdirilib. Bura elektron ünvanlar, tam ad və soyad, sağlamlıq və yaxın qohumlar haqqında məlumatlar, ananın qızlıq soyadı və doğum yeri daxildir. Bir sıra şirkətlər istifadəçinin boyu və çəkisinə də maraq göstərir. Adətən belə məlumatlar fitnes proqramları tərəfindən tələb olunur. Lakin həmin məlumatları tələb edən minimum bir maliyyə servisi də mövcuddur. Bir sıra proqramlar iş, o cümlədən əməkhaqqı və əvvəlki iş yerləri barədə məlumatları da lazım bilir.
İstifadəçilər haqqında daha çox məlumatı "Facebook" şirkəti və onun törəməsi "Instagram" toplayır. 32 məlumat kriterisində "Facebook"un toplama göstəricisi 70,59 faiz təşkil edir. Onlar şirkətə təkcə sosial şəbəkə istifadəçilərinin təcrübəsini yaxşılaşdırmaq üçün deyil, həm də reklam mexanizmi üçün lazımdır. "Instagram"ın məlumat toplama nəticəsi 58,82 faizə bərabərdir və "Facebook"dan fərqli olaraq onu irq, ailə vəziyyəti və seksual oriyentasiya haqqında məlumatlar maraqlandırmır.
Sonrakı pillələrdə tanışlıq üçün "Tinder" və "Grindr" proqramları qərarlaşıb. Onları "Facebook" kimi istifadəçilər haqqında ətraflı məlumat maraqlandırmasa da, istifadəçilərin boyu və bank hesabları barədə məlumatlar cəlb edir.
Nizam Nuriyev