Yüksəksürətli DRAM yaddaş modulları, SSD və NAND Flash əsaslı məhsulların istehsalçısı olan “Goodram” şirkəti “UME Eco Friendly” adlı yeni nəsil USB daşıyıcısının satışını elan edib. Qurğunun özəlliyi bio-parçalanan materiallardan istifadəni nəzərdə tutan istehsal prosesi olub.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “UME Eco Friendly” mövcud “UME” fləş daşıyıcılar seriyasına yeni bir əlavədir. “USB Type-A 3.0” spesifikasiyasına uyğun olan cihaz 16, 32 və 64 QB yaddaşa malik variantlarda əlçatandır. Fləş kartın korpusu 100% bio-parçalanan materiallardan istehsal edilib.
"Biz elektronika istehsalçısı olaraq belə istehsalın ətraf mühitə təsir dərəcəsini başa düşürük. Biz eko trendə görə belə məhsul istehsal etmirik. Sosial məsuliyyət daşıyan bir şirkət olaraq ətraf mühitə dəyən zərəri mümkün qədər minimuma endirəcək həllər tətbiq etməyə çalışırıq” – “Goodram” şirkətinin məlumatında deyilir.
Emil Hüseynov