Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PAL-V Liberty” uçan avtomobilinə Aİ yollarında hərəkət üçün icazə verilib


Niderlandın Nəqliyyat Vasitələri İdarəsi “PAL-V” şirkətinin “Liberty” uçan avtomobilinə Avropa İttifaqı ərazisində ümumi istifadəli yollarda hərəkət etməsinə icazə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Liberty” avtomobilinin fərqli cəhəti onun təkcə yollarda hərəkət etməsində deyil, lazım gəldikdə havaya qalxmağa hazır olmasındadır. Şirkətin məlumatına görə, avtomobilin uçuşa hazırlıq prosesi üçün 5-10 dəqiqə, uçuş üçün 180 metr uzunluğunda meydança tələb olunur. Bununla yanaşı, qeyri-adi nəqliyyat vasitəsi 30 metr uzunluğunda meydançaya eniş edə bilir.

 

Həm havada, həm də yolda “Liberty” uçan avtomobilinin maksimal sürəti 180 km/saat təşkil edir. Konstruksiyada iki mühərrik nəzərdə tutulub. Onlardan biri sürmə, digəri uçuş üçün istifadə edilir. Benzinlə işləyən nəqliyyat vasitəsi təkrar benzin doldurmadan 1315 km məsafəni qət edir. O, havada 4 saatdan çox qalmaqla bu müddət ərzində 500 km uçur. Yanacaq nəzərə alınmadan uçan avtomobilin çəkisi 664 kq təşkil edir. Konstruksiyada 100 litr tutumlu yanacaq çəni mövcuddur.

 

Qeyd edək ki, ümumi istifadəli yollarda sürmə üçün alınan icazə yalnız bir “Liberty” avtomobilinə şamil edilib. Gələcəkdə Niderland Nəqliyyat Vasitələri İdarəsi “PAL-V” şirkəti tərəfindən vahid keyfiyyət standartına cavab verən avtomobillərin istehsalına zəmanət veriləcəyinə əmin olduqdan sonra seriyalı istehsala başlamaq və ilk “Liberty” nümunələrini alıcılara göndərmək mümkün olacaq.

 

Məlumata görə, “PAL-V” şirkəti artıq Niderland sakinlərindən “Liberty” uçan avtomobillərinin alışı üçün 30 ilkin sifariş alıb. Avtomobilin təxmini qiyməti 500 min avro təşkil edir.

 

Nizam Nuriyev






29/10/20    Çap et