“Xiaomi” şirkətinin “Viomi” törəmə brendi interaktiv ekran, “Wi-Fi 6” modulu və beşinci nəsil mobil rabitə şəbəkələrinə qoşulmaq üçün “5G” modemi ilə təchiz edilən yeni orijinal məhsul – “21Face 5G IoT” soyuducusunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni qurğu videoya baxmaq, musiqi dinləmək və ya internetdə reseptlərin axtarışı üçün istifadə edilən böyük sensor ekranla təchiz edilib. Bundan başqa, zərurət yarandıqda qurğunun yaddaşına sosial şəbəkə proqramları kimi müxtəlif tətbiqləri yükləmək mümkündür. Soyuducu internet bağlantısını 1200 Mbit/saniyə sürətlə “Wi-Fi” və ya “5G” qoşulma vasitəsilə qurur.
“Viomi 21Face 5G IoT” “ağıllı” ev ekosistemi tərkibində digər qurğuların idarə olunması üçün mərkəz qismində də çıxış edir. Bundan başqa, səsli köməkçi funksiyaların dəstəklənməsi istifadəçiyə mətbəxdə digər “ağıllı” texnika ilə birgə işləməyə imkan verir. Soyuducunun ümumi daxili tutumu 520 litr, kompressorun səs-küy səviyyəsi isə 38 desibel təşkil edir.
“Viomi 21Face 5G IoT” soyuducusunun Çində qiyməti 744 dollara bərabərdir. Qurğunun digər regionlarda satışa çıxarılma müddəti barədə məlumat verilmir.
Nizam Nuriyev