"Samsung" şirkətinin buraxılış ili 2016-cı il olan smartfonları üçün çıxarılmış yeniləmələr qurğuların məhsuldarlığını yaxşılaşdırıb. Bu barədə istifadəçilərin fikrinə istinadən "SamMobile" nəşri məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, köhnə smartfon sahiblərinin məlumatına görə, onların cihazları bu yaxınlarda gözlənilmədən yenilənib. Yeniləmə 2016-cı ilin fevralında təqdim edilmiş "Samsung Galaxy S7" və "Galaxy S7 edge" qurğuları üçün əlçatan olub. Sözügedən smartfonların sahibləri qeyd ediblər ki, yeniləmədən sonra onların cihazları olduqca sürətli işləməyə başlayıb, sistem səhvlərinin sayı azalıb.
Yeniləmə fayllarının ölçüsü təxminən 70 MB-dır, artıq ABŞ və Böyük Britaniyadan olan istifadəçilərin qurğuları yenilənib. "Korporasiyanın 5 il bundan əvvəl təqdim edilmiş qurğuları dəstəkləməsi təqdirəlayiqdir" – jurnalistlər qeyd ediblər.
Emil Hüseynov