Tək lövhəli kompüter istehsalçısı “Raspberry Pi Foundation” klaviatura korpusunda hazırlanmış fərdi kompüter təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Raspberry Pi 400” kompüteri rəqəmli blokdan məhrum edilərək kiçik klaviatura korpusunda hazırlanıb. Kompüter 4 nüvəli “Broadcom BCM2711” prosessoru və 4 QB əməli yaddaşa malik “Raspberry Pi 4” sistem lövhəsində hazırlanıb.
Kompüter bir çox port və interfeyslə təchiz edilib. Məsələn, “Raspberry Pi 400” kompüteri 3 “USB” konnektoru və “Gigabit Ethernet” şəbəkə portuna malikdir, “USB Type-C” portu vasitəsilə enerji ilə təmin olunur. Klaviatura korpusunda hazırlanmış kompüter “Bluetooth 5.0 BLE” və “Wi-Fi IEEE 802.11b/g/n/ac” modullarını dəstəkləyir.
Qurğu artıq ABŞ, Çin və Avropa ölkələrində satışa çıxarılıb. Standart versiyanın qiyməti 70 dollar məbləğində qiymətləndirilir.
Emil Hüseynov