“Samsung”un elastik smartfonlar çeşidinə “Galaxy W21 5G” adlı yeni model əlavə edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, cihaz 2048x1536 piksel təsvir ölçülü əsas 7,6 düymlük “Dynamic AMOLED” displeylə təchiz edilib, ekranın yeniləmə tezliyi 120 Hs təşkil edir. Ön tərəfdə əlavə olaraq 6,2 düymlük “Super HD ” təsvir ölçülü AMOLED displey quraşdırılıb.
Qurğu “Adreno 650” qrafik sürətləndiricisinə malik 7 nm-lik texnologiya üzrə hazırlanmış “Snapdragon 865 ” prosessoruna və 12 QB LPDDR5 əməli yaddaşa malikdir. Yeni aparat, həmçinin 512 QB tutumunda UFS 3.1 daşıyıcı ilə təchiz edilib. “Galaxy Z Fold 2”dən fərqli olaraq yeni cihazda “eSIM” modulunun əvəzinə, SİM kart üçün ikinci slot quraşdırılıb.
Aparat “Dolby Atmos” texnologiyasını dəstəkləyən AKG stereodinamikləri əldə edib. 11 vatlıq simsiz enerjidoldurma funksiyasına malik 4500 milliamper/saat tutumlu akkumulyator qabaqcıl aparatın avtonom işləməsini təmin edir. Arxa kamerada dəyişiklik edilməyib və üç ədəd 12 mp-lik sensorla təchiz edilib.
Noyabrın 20-də Çində satışa çıxarılacaq “Samsung Galaxy W21 5G” aparatının qiyməti 3000 dollar təşkil edəcək.
Emil Hüseynov