İnternetdə "Xiaomi" şirkətinin bütün ən müasir texnologiyaları özündə cəmləşdirən yeni ucuz router təqdim etməsi barədə məlumat yayılıb. Yeni router "Wi-Fi 6" standartını və eyni anda 128-dək qurğunun qoşulmasını dəstəkləyir.
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, yenilik "Xiaomi Wi-Fi 6 CR6606" adlandırılıb, "China Unicom" telekommunikasiya şirkəti onun istehsalında Çin nəhənginə kömək edib. Cihazın əsasını 880 MHs takt tezlikli ikinüvəli prosessor, 256 MB əməli yaddaş və 1775 Mbit/s buraxılış qabiliyyətinə malik "Wi-Fi" modulu təşkil edir.
"Xiaomi" şirkətinin bəyanatına görə, yeni router, həmçinin "ODFMA" texnologiyasını dəstəkləyir, bunun sayəsində qurğu kanalı bir neçə zolağa bölməklə eyni anda qoşulan cihazların sayını 128-ə çatdıra bilib. Bundan başqa, router əhatə dairəsini artırmaq üçün MESH şəbəkənin tərkibində işləyə bilər. "Xiaomi Wi-Fi 6 CR6606" routerinin qiyməti 45 dollardır.
Emil Hüseynov