Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinləri müasir nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı və innovativ xidmətlərlə təmin etməyə hazırdır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı. Sevinc və fəxrlə bildiririk ki, artıq Şuşada ilk "4G" şəbəkəsi, mobil operator fəaliyyət göstərir. 28 illik həsrətdən sonra Azərbaycanın döyünən ürəyi olan Şuşada vətəndaşlarımız, hazırda tarixi torpaqlarımızda olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına, eləcə də orada dördüncü nəsil LTE baza stansiyalarının quraşdırılmasına bir müddətdir ki, başlayıb. Məqsədimiz işğaldan azad edilmiş bütün tarixi ərazilərimizi sürətli müasir mobil şəbəkə ilə əhatə etmək, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməkdir. Yaradılan texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.
Bu ərazilərdə yeni texnologiyalar əsasında telekommunikasiya və poçt infrastrukturu qurulacaq, radio-televiziya yayımı genişləndiriləcək, modern sərnişindaşıma xidməti təqdim olunacaq, bir sözlə, əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.
Onu da qeyd edək ki, rabitə infrastrukturunun bərpası əhaliyə müvafiq xidmətlərin göstərilməsi ilə yanaşı, yeni iş yerlərinin açılmasına, sakinlərin işlə təmin olunmasına səbəb olacaq. Texnoloji yenilikləri tətbiq etməklə insanların yaşayış şəraiti yaxşılaşdırılacaq, iş yerlərinin açılması ilə onların sosial rifahının yüksəlməsi təmin olunacaq.