Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Edge” brauzerlər bazarında payını artırır


"Microsoft Edge" dünya fərdi kompüter brauzerləri bazarında payını artırmaqda davam edir. Bu yaxınlarda "Google" texnologiyalarına keçirilən brauzer 2020-ci ilin oktyabrında ilk dəfə bazarda 10 faiz paya sahib çıxıb. Bu barədə "NetMarketShare" analitik şirkətinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, "Chromium" əsasında "Edge" brauzerinin payı sentyabrda 8,84 faiz, oktyabrda isə 10,22 faiz təşkil edib. Onun mövqeyinin güclənməsi brauzerin "Windows 10" əməliyyat sisteminə sonuncu yeniləmə (October 2020 Update) ilə quraşdırılmasına, eləcə də digər "Microsoft" məhsullarında reklam və tövsiyələrə kömək edib.

 

"Google Chrome" brauzerinin payı son ayda 69,94 faizdən 69,25 faizədək azalıb. "Apple" şirkətinin "macOS" əməliyyat sistemli kompüterlər üçün nəzərdə tutulan "Safari" brauzerinin də payı 3,57 faizdən 3,40 faizədək enib.

 

Ümumilikdə son bir neçə ayda "Edge" payını 3 faiz artırdığı halda "Chrome" bu müddət ərzində 2 faiz itirib.

 

Qeyd edək ki, "Chrome" texnologiyası əsasında "Edge" brauzeri yanvarda buraxılıb. Artıq apreldə yeni brauzer dünyada populyarlığına görə ikinci olub və "Firefox" və "Safari" brauzerlərini geridə qoyub. Yeni "Microsoft Edge" brauzeri "Windows 10" sistemi ilə yanaşı, "macOS", "iOS", "Android" və "Windows 7" əməliyyat sistemlərinə quraşdırılıb.

 

Nizam Nuriyev






14/11/20    Çap et