Mənbələrin məlumatına görə, “Huawei Mate 40” və “Mate 40 Pro” adlı qabaqcıl smartfonlarda zəlzələ haqqında xəbərdarlıq funksiyası reallaşdırılıb. Bir müddətdən sonra bu seçim şirkətin başqa smartfon modellərində də tətbiq ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, texnologiyanın iş rejimi çox sadədir: yaxınlıqda zəlzələ qeydə alındıqda qurğunun ekranında üzə çıxan pəncərə şəklində xəbərdarlıq görsənir, həmçinin həyəcan siqnalı eşidilir.
Belə erkən xəbərdarlıq istifadəçiyə sığınacaqda və ya başqa təhlükəsiz yerdə gizlənmək imkanı yaradır.
Hələ ki yeni seçim yalnız smartfon modelləri ilə deyil, həm də regionla məhdudlaşır. O, yalnız Sıçuan əyalətindən olan istifadəçilərə əlçatandır. Ehtimal ki, sözügedən funksiya gələcəkdə genişləndiriləcək.
Emil Hüseynov