Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pilotlu “Crew Dragon” gəmisi Beynəlxalq Kosmik Stansiyaya uçub


Noyabrın 16-na keçən gecə ABŞ Kosmik Agentliyi (NASA) və “SpaceX” şirkəti pilotlu “Crew Dragon” gəmisinin Beynəlxalq Kosmik Stansiyaya uğurlu buraxılışını həyata keçirib. Bu, “SpaceX” gəmisinin iki sınaq missiyasından sonra orbitə ilk müntəzəm uçuşudur. “Crew Dragon” 2011-ci ildə “Space Shuttle” proqramı başa çatdıqdan sonra Beynəlxalq Kosmik Stansiyaya buraxılan ilk pilotlu ABŞ gəmisi olmaqla yanaşı, özəl şirkət tərəfindən Beynəlxalq Kosmik Stansiyaya uçuşlar üçün yaradılan ilk pilotlu kosmik gəmidir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, kosmik gəmili “Falcon 9” raketdaşıyıcısı Floridada Con Kennedi adına Kosmik Mərkəzdə yerləşən “LC-39A” meydançasından buraxılıb. İlk pillənin (çoxdəfəli sürətləndirici blok ilk dəfə istifadə olunub) ayrılması qrafik üzrə baş tutub və 9,5 dəqiqədən sonra pillə Atlantik okeanda üzən platformaya eniş edib. “SpaceX” sürətləndirici bloku növbəti “Crew Dragon” buraxılışı üçün istifadə etmək niyyətindədir.

 

Məlumata görə, startdan 12 dəqiqə sonra gəmi raketin ikinci pilləsindən ayrılaraq müstəqil uçmağa başlayıb. “Crew Dragon” gəmisinin Beynəlxalq Kosmik Stansiya ilə birləşməsi noyabrın 17-nə planlaşdırılır.

 

“SpaceX” gəmisinin göyərtəsində “NASA” astronavtları Maykl Hopkins, Viktor Qlover, Şennon Uoker və Yaponiya astronavtı Soiti Noquti uçur. Bu, V.Qloverin astronavt karyerasında ilk uçuş olsa da, Ş.Uoker və M.Hopkins orbitdə dəfələrlə olublar, S.Noquti isə kosmosa iki dəfə uçub.

 

Missiyanın planına görə, astronavtlar Beynəlxalq Kosmik Stansiyada 6 ay qalacaqlar. Onlar orbitə gəldikdən sonra stansiyanın ekipaj sayı yeddi nəfərə çatacaq. Belə ki, hazırda Rusiya kosmonavtları Sergey Rıjikov və Sergey Kud-Sverçkov, eləcə də “NASA” astronavtı Ketlin Rubins stansiyadadır.

 

Nizam Nuriyev






16/11/20    Çap et