Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın EPEG layihəsindəki hissəsinin dəyəri bundan əvvəl nəzərdə tutulan məbləği üstələyə bilər
"Europe Persia Express Gateway" (EPEG) layihəsi çərçivəsində reallaşdırılan optik-lif kabel magistralının Azərbaycan hissəsinin tikintisinin dəyəri üç milyon avronu keçə bilər.
Bu barədə"Alcatel&Lucent" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Levent Özbilgin məlumat verib.
Özbilginin sözlərinə görə, hazırda layihənin Azərbaycan seqmentinin tikintisi son mərhələdədir.
"Təkcə avadanlıqların dəyəri üç milyon avro həcmindədir.
Lakin, bununla yanaşı, montaj işlərini və optik xəttin çəkilişi üzrə bu gün "Delta Telecom" şirkətinin məşğul olduğu işləri də nəzərə almaq lazımdır. Bunu nəzərə alaraq, Azərbaycan seqmentinin tikintisini dəyərləndirmək hələ ki çətindir", - Özbilgin deyib.
Hazırda Azərbaycan seqmenti üzrə instalyasiya və şəbəkə infrastrukturunun test rejiminə gətirilməsi üzrə işlərə başlanılıb.
Bakıda son görüş çərçivəsində (1-2 noyabr) layihə iştirakçıları 2011-ci ilin sonunadək layihə üzrə texniki işləri başa çatdırmaq haqqında qərar qəbul ediblər.
Bu işlər çərçivəsində beynəlxalq birləşmələrin infrastrukturunun yaradılması, şəbəkələrin birləşdirilməsi və həcmlərin tranziti nəzərdə tutulur.
EPEG kabel magistralının yaradılması üzrə konsorsiuma İranın TIC (Telecommunication Infrastructure Company), Omanın "Omantel", Rusiyanın "Rostelekom" şirkətləri və C&W beynəlxalq şirkəti (Cable&Wireless) daxildir.
EPEG kabel marşrutu başlanğıcını Omandan götürür və Frankfurtadək çəkiləcək. Gözlənildiyinə görə, kabel operatorları EPEG-in yaradılmasında iştirak etməyən 3 ölkənin ərazisindən də keçməlidir. Söhbət Azərbaycan, Polşa və Ukraynadan gedir.
Bu marşrutlar 3 dövlətdən hər birində icarəyə götürülən qurğularda təşkil ediləcək."Delta Telecom" infrastrukturu həm beynəlxalq internet kanalların trafiki həcmlərinin tranziti, həm də səs xidmətləri və məlumatların ötürülməsi kimi xidmətlərlə təmin etməyə qadirdir.
Avropanı Ukrayna ilə Rusiya sərhədinədək birləşdirən kabelin çəkilməsi ilə C&W şirkəti, magistral xəttin Rusiya-Ukrayna sərhədindən Azərbaycanadək və Azərbaycandan İranadək tikintisi ilə "Rostelekom" məşğul olacaq. İrandan Fars körfəzinədək olan xəttə görə TIC şirkəti, xəttin Omanadək çatdırılmasına görə "Omantel" məsul olacaq.
EPEG kabel magistralının buraxılış qabiliyyəti 3,2 Tbit/s təşkil edəcək. Onun uzunluğu isə 6 min kilometrə çatacaq. Layihənin ilkin dəyəri təxminən 200 milyon dollar qiymətləndirilir. Kabel magistralının 2012-ci ilin mayında işə salınması gözlənilir.
15/12/11 Çap et