Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Smart TV” dəstəkli “Samsung” monitorları təqdim edilib


"Samsung" şirkəti monitorlar çeşidini təkmilləşdirilmiş proqram təminatı ilə seçilən "M5" və "M7" modelləri ilə yeniləyib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Samsung Smart Monitor M5" 27 və ya 32 düym diaqonallı "Full HD" matrisa ilə təchiz olunub. Böyük model kimi qələmə verilən 32 düyümlük daha təkmil "M7" isə "4K" təsvir ölçüsünə malikdir. Hər iki qurğu "Wi-Fi" modulları və 10 vatt gücündə quraşdırılmış akustik sistem ilə təchiz edilib. Həmçinin yeni qurğular "Amazon Alexa", "Google Assistant" və ya "Samsung Bixby 2.0" virtual köməkçi funksiyaları səsli idarəetməni dəstəkləyir. Onlarla ünsiyyət məsafədən idarəetmə pultunda mikrofon vasitəsilə qurulur.

 

İstehsalçı nümayəndələrinin sözlərinə görə, monitorlar "iOS" və "macOS" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğulardan görüntünün ötürülməsi üçün "Apple AirPlay 2" simsiz protokolunu da dəstəkləyir. Bundan başqa, "HDR10" standartını dəstəkləyən monitorlara "Bluetooth 4.2" vasitəsilə "maus" və klaviaturanı qoşaraq onlardan multimedia bloku kimi istifadə mümkündür.

 

"M7" modelində kənar siqnal mənbəyini "HDMI" və "DisplayPort" və ya "USB Type-C" çıxışı vasitəsilə qoşmaq imkanı nəzərdə tutulub. Qurğu müxtəlif periferiya üçün "USB 2.0 Type-A" portları ilə təchiz edilib. "M5" modeli nisbətən kiçik interfeyslər dəstinə malikdir: iki "HDMI 2.0" portu və iki "USB 2.0 Type-A" çıxışı mövcuddur.

 

"Tizen" əməliyyat sisteminin idarəetməsi ilə işləyən monitorlar dekabrın əvvəlində satışa çıxarılacaq. "Smart Monitor M5" modelinin qiyməti diaqonaldan asılı olaraq 230-280 dollar, nisbətən təkmilləşdirilmiş "M7" monitorunun isə 400 dollar təşkil edəcək.

 

Nizam Nuriyev






17/11/20    Çap et