Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rasim Əliquliyev: “Gələcəyin alimlərinə elmi-metodiki məsləhət və tövsiyələrin verilməsi elmin innovativ inkişafına xidmət edir”


AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların iştirakı ilə dissertasiya işlərinin hazırlanması üzrə elmi-metodiki məsləhətlərin verilməsinə dair Elmi Şuranın iclası keçirilib. Tədbirdə dissertasiya işlərinin strukturunda qoyulan tələblərin nəzərə alınması, dövrün tələblərinə cavab verən elmi axtarışların aparılması, dünyada müxtəlif elm sahələrində əldə olunan təcrübənin öyrənilməsi və digər məsələlər müzakirə edildi.
Dissertasiya işlərinin hazırlanması və ilkin ekspertizasına dair məsələlərlə bağlı çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev istənilən elm sahəsində mühüm nəticələrin əldə edilməsi üçün elmi axtarışların, tədqiqatların müasir tələblərə müvafiq aparılmasının, beynəlxalq təcrübənin öyrənilməsinin doktorant və dissertantların qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirdi. Dissertasiyanın mahiyyəti, məqsədi, onun yazılış qaydaları, metodikası, tərtibi, mudafiə prosesi haqqında ətraflı məlumatların verilməsinin vacibliyini qeyd etdi. R.Əliquliyev bu baxımdan institutda doktorant və dissertantların elmi fəaliyyəti haqda hesabatları ilə bağlı keçirilən iclasların əhəmiyyətindən danışdı. Gələcəyin alimlərinə dissertasiya işlərinin yüksək səviyyədə hazırlanması məqsədlərinə xidmət edən dəyərli məsləhət və tövsiyələrin verilməsinin istənilən elm sahəsinin inkişafı üçün vacib olduğunu bildirdi.
İnstitut direktoru dissertasiya işlərinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyasının tələblərinə müvafiq olaraq hazırlanmasının, effektiv nəticənin təmin edilməsi məqsədilə davamlı elmi-metodiki seminarların keçirilməsinin zəruriliyini vurğuladı.
R.Əliquliyev elm sahəsində vüsət alan plagiatlıq məsələlərinə də toxundu. Doktorant və dissertantın informasiya mədəniyyətinin formalaşmasının mühüm məsələlərdən olduğunu xüsusi vurğulayan alim müasir dövrdə plagiatlıq hallarının müəyyən edilməsinin asanlaşdığını bildirərək, elmi cəmiyyətdə başqasına məxsus olan intellektual mülkiyyətin mənimsənilməsini xoşagəlməz hal kimi dəyərləndirdi, bu işlə məşğul olanlara hər zaman mənfi münasibət bəslənəcəyini bildirdi.
R.Əliquliyev sentyabr ayında İTİ-nin doktoranturasına aparılacaq qəbulla bağlı məlumat verərək bu məqsədlə instituta beş ixtisas üzrə yer ayrıldığını nəzərə çatdırdı.
Tədbirdə həmçinin 2011-ci ilin yanvar-may ayları ərzində şöbələrdə keçirilən seminarların monitorinqi, İTİ-nin doktorant və dissertantlarının attestasiyasının nəticələri, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci və AMEA İnformasiya Texnologiyaları İnstitutunun yaranmasının 40-cı ildönmümünə həsr olunmuş tədbirlərin keçirilməsi istiqamətində görüləcək işlər haqqında müzakirələr aparıldı, müvafiq göstərişlər verildi.




24/06/11    Çap et