Noutbuk istifadəçiləri “Windows” əməliyyat sisteminin növbəti yeniləməsindən şikayət etməyə başlayıblar. Bu barədə “Microsoft” forumu və sosial şəbəkələrdə dərc edilən informasiyalara istinadən “Windows Latest” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, istifadəçilərin məlumatına görə, yeni səhv “Microsoft”, eləcə də “Trend Micro”, “Lenovo” və “Intel” yeniləmələri buraxıldıqdan sonra yaranıb. Kompüter istifadəçiləri qurğuları “yuxu” rejiminə keçirdikdən və ondan çıxdıqdan sonra “mavi ölüm ekranı”nın (Blue screen of death, BSoD) görünməsindən şikayət edirlər. Jurnalistlər qeyd edib ki, “mavi ölüm ekranı”na böyük yeniləmələrdən sonra tez-tez fərdi kompüterlərdə rast gəlinir, lakin bu dəfə istifadəçilər onun yaranma səbəbi barədə məlumatsızdırlar.
Mütəxəssislərin versiyasına görə, kritik səhvlərə noutbukların proqram təminatı ilə uyğunluq təşkil etməyən avadanlığı səbəb ola bilər. Məlumat dərc edilən zaman “BSoD”un “HP Envy”, “HP ProBook”, “HP Elite”, “HP EliteBook” və “Dell” seriyalı noutbuklarda görünməsi hallarına rast gəlinib. “BSoD”un görünməsinin qarşısını almaq üçün yeganə üsul noutbuka “yuxu” rejiminə keçməyi qadağan etməkdir”, – “Dell” forumunda qurğusu sıradan çıxan istifadəçi bildirib.
“Microsoft” səhvi indiyədək aradan qaldırmadığına görə jurnalistlər tərəfindən əməliyyat sisteminin növbəti yeniləmələrinin quraşdırılmasından imtina etmək tövsiyə edilir. Bundan başqa, yeniləmə kompüterə quraşdırıldığı halda müəlliflər sistemi bərpa etməyi məsləhət görürlər.
Nizam Nuriyev