Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hansı smartfon ən yaxşı ekranla təchiz edilib?


"DisplayMate" şirkəti "iPhone 12 Pro Max" smartfonunda istifadə edilən "Super Retina XDR" ekranının ətraflı analizini dərc edib. O, "Smartfonlar üçün ən yaxşı ekran" adına və bütün kriterilər üzrə ən yaxşı rəylərə layiq görülüb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, "iPhone 12 Pro Max" yüksək pik parlaqlıq, yüksək kontrastlıq əmsalı, aşağı əksetmə qabiliyyəti və rəngvermə dəqiqliyi kimi 11 rekord göstəriciyə uyğun ultramüasir displeyə malikdir. Həmçinin bildirilib ki, "iPhone 12 Pro Max" modelinin ekranı enerji baxımından "iPhone 11 Pro Max" smartfonunda istifadə edilən matrisadan 10 faiz qənaətlidir.

 

"iPhone 12 Pro Max" modeli "Apple" şirkəti tarixində ən böyük smartfondur. O, 2778 × 1284 piksel təsvir ölçülü 6,7 düym diaqonallı ekrana malikdir. "P3" rəng qammasını tam əhatə edən displeyin kontrastlıq səviyyəsi 2 000 000:1, maksimal parlaqlığı 800 kandel/kvadratmetr və ya "HDR" kontenti üçün 1200 kandel/kvadratmetr təşkil edir. Bundan əlavə, "iPhone 12 Pro Max" smartfonunun ekranının yeniləmə tezliyi 60 giqahersə bərabərdir ki, bu da 2020-ci ildə orta səviyyəli göstərici hesab edilir. Bununla belə, bu, ona smartfonlarda istifadə edilən ən yaxşı displey adına layiq olmağa mane olmayıb.

 

"iPhone 12" seriyasında qabaqcıl smartfon olan "iPhone 12 Pro Max" modeli yüksək məhsuldarlığa malik "A14 Bionic" prosessoru üzərində qurulub. Həmçinin qurğu üçlü əsas kamera və "LiDAR" sensoru ilə təchiz edilib.

 

Nizam Nuriyev






18/11/20    Çap et