Metaldan hazırlanan aksesuarlar smartfonların işinə ziyan vura bilər. Bu barədə “GizmoChina” nəşrinin “Huawei” şirkətinin top-meneceri Bryus Liyə istinadən məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yeni qabaqcıl “Huawei Mate 40 Pro” modeli istifadəçilərinin smartfonun qorunması üçün metal çexollardan istifadənin mümkünlüyü ilə bağlı sualı cavablandıran Çin şirkətinin təmsilçisi belə aksesuarların qurğunun işinə mane ola biləcəyini bildirib. Onun sözlərinə görə, metal mobil rabitə və GPS modulunun siqnalının qəbulu zamanı əlavə maneələr yarada bilər. Bu halda qurğu siqnalı gücləndirmək və maneələri aradan qaldırmaq üçün əlavə resurslardan istifadə edəcək ki, bu da onun avtonomluğuna mənfi təsir göstərəcək. Bundan başqa, geolokasiyanın müəyyənləşdirilməsi üzrə dəqiqliyin ziyan görməsi mümkündür.
Nəşrin jurnalistləri tərəfindən smartfonlar üçün ən uyğun aksesuarlar sadalanıb. Məsələn, onların fikrincə, çexollar üçün ən yaxşı material dəri, parça və plastikdir. “Lakin əksər çexollarda əlavə möhkəmliyin yaradılması üçün metaldan ibarət haşiyələr mövcuddur”, – materialda qeyd olunur.
Bryus Li tərəfindən göstərilən “Huawei Mate 40 Pro” hazırda şirkətin ən bahalı smartfonu hesab edilir.
Nizam Nuriyev