Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ikinci ən varlı insan kimdir?


“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı insanları reytinqində ikinci yerə yüksəlib. Bu barədə “Bloomberg” agentliyi tərəfindən hesablanan “Bloomberg Billionaires Index” (BBI) milyarderlər indeksində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, il ərzində sərvəti 100,3 milyard dollar artaraq 127,9 milyard dollar təşkil edən İ.Mask “Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsi geridə qoyub. Bu, illik rekord artım olub. B.Qeytsin kapitalı 127,7 milyard dollar dəyərində qiymətləndirilir.

 

Reytinqin birinci pilləsində var-dövləti 182 milyard dollar dəyərində qiymətləndirilən “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos qərarlaşıb. Dünyanın ən varlı insanları beşliyinə, həmçinin “Louis Vuitton Moët Hennessy” şirkətinin prezidenti Bernar Arno və “Facebook” qurucusu Mark Zukerberq daxildir.

 

Noyabrın 23-də ABŞ-ın “Tesla” elektromobil istehsalçısının səhmlərinin dəyəri hərraclar zamanı rekorda çatıb. Bir səhmin qiyməti hərracların cümə günündə başa çatan səviyyəsinə 7 faiz əlavə olunmaqla 524,96 dollaradək artıb. “Tesla” kotirovkaları şirkətin 21 dekabr 2020-ci ildə “S&P 500” birja indeksinə daxil olacağı ilə bağlı yayılan məlumatlar fonunda artım nümayiş etdirir. Ötən həftə səhmlər 16 faiz bahalaşıb.

 

Noyabrın 19-da İ.Maskın bir günə 7,6 milyard dollar varlanaraq dünyanın ən varlı insanları üçlüyünə daxil olması barədə məlumatlar yayılıb. O zaman onun sərvəti 10 milyard dollar dəyərində qiymətləndirilib. Sahibkar liderlər üçlüyündən kapitalı 104 milyard dollar təşkil edən “Facebook” rəhbəri Mark Zukerberqi sıxışdırıb.

 

Nizam Nuriyev






24/11/20    Çap et