"Xiaomi" şirkətinin subbrendi olan "Poco" şirkəti "M3" adlı yeni smartfon modelini təqdim edib. Cihaz istehsalçının rəsmi "YouTube" kanalında təqdim edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Poco M3" orta səviyyəli smartfondur, amma bir çox texniki xüsusiyyətlərinə görə bu yaxınlarda təqdim edilmiş "Poco X3" cihazından zəifdir.
Smartfonun displeyi "Full HD " təsvir ölçülü "IPS" texnologiyası üzrə işlənib hazırlanıb. Matrisa yalnız 60 hers tezlikdə işləyir və 8 mp-lik ön kamera üçün dəliyə malikdir, amma "Gorilla Glass 3" qoruyucu şüşəsi ilə örtülüb.
"Poco M3" smartfonu 11 nm-lik "Snapdragon 662" prosessoru, 4 QB-lıq əməli yaddaş ilə təchiz edilib. Daşıyıcının tutumu 64 QB və ya 128 QB ola bilər. İstəkdən asılı olaraq smartfona yaddaş kartı əlavə etmək mümkündür.
Smartfonun foto və videoçəkiliş imkanları sadədir – üç sensordan yalnız əsas 48 meqapiksellik sensoru faydalı adlandırmaq olar. Digər 2 mp-lik 2 sensor boke və makroçəkiliş üçün nəzərdə tutulub. "Poco M3" smartfonu gecə rejimi funksiyasına malikdir.
Smartfon 6000 milliamper/saat tutumunda batareyaya, stereodinamiklər, işəsalma düyməsində barmaq izləri skanerinə və infraqırmızı porta malikdir. "Poco M3" cihazının qiyməti versiyadan asılı olaraq 149 və ya 169 dollar təşkil edəcək.
Emil Hüseynov