Fransanın vergi orqanları böyük informasiya texnologiyaları şirkətlərini 2020-ci il üçün rəqəmli verginin ödənilməsi ilə bağlı xəbərdar etməyə başlayıblar. Bildirişlər artıq “Facebook” və “Amazon” şirkətlərinə göndərilib. Bu barədə “Financial Times” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, Fransa hökuməti rəqəmli xidmətlər təklif edən şirkətlər üçün vergiqoyma haqqında qanun layihəsini ötən il qəbul edib. İqtisadiyyat və Maliyyə Nazirliyi texnoloji şirkətlər tərəfindən gəlirin optimallaşdırılması üçün aşağı korporativ vergiyə malik ölkələrin üstünlüklərindən istifadəni mənfi qiymətləndirib. Nazirlik nümayəndələrinin sözlərinə görə, onlar gəliri bir ölkədə əldə etdiyi halda digər ölkənin vergi orqanları qarşısında hesabat verirlər.
Fransada əldə edilən mədaxil üçün 3 faiz məbləğində vergi bazarını idarə edən (məsələn, Amazon, Uber, Airbnb) və ya reklam biznesi ilə məşğul olan (Facebook, Google), dünya üzrə illik dövriyyəsi 750 milyon avro, ölkədə isə 25 milyon avro təşkil edən İT nəhənglərinə aiddir.
Son iki il ərzində Fransa, ABŞ və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında rəqəmli verginin əsasən ABŞ şirkətlərinə şamil olunması səbəbindən aktiv mübahisələr gedir. Bu ilin iyununda ABŞ Maliyyə Nazirliyi danışıqlardan çıxdıqdan bir ay sonra cavab tədbiri kimi 1,3 milyard dollar həcmində fransız kosmetikası və çantalar üçün 25 faiz məbləğində əlavə rüsumun tətbiq ediləcəyini bəyan edib. Qərarın 2021-ci il yanvarın 6-da qüvvəyə minəcəyi gözlənilir.
Oktyabrda Fransa hakimiyyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə aparılan danışıqların da uğursuzluqla nəticələndiyini bəyan edərək iri İT şirkətlərindən rəqəmli verginin dekabrdan etibarən tutulmağa başlayacağını bildirib.
Nizam Nuriyev