"Nokia" brendi Avropada "Smart TV" funksiyalı və 32-75 düym diaqonallı yeddi televizor təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, seriyanın bütün modelləri "Mali 470 MP3" qrafik sürətləndiricisinə malik dördnüvəli "ARM CA55" prosessoru üzərində qurulub. Yeni qurğuların operativ yaddaş tutumu 1,5 giqabayt, quraşdırılmış isə 8 giqabayt təşkil edir. İstisna yalnız 1 giqabayt operativ yaddaşlı 32 düymlük versiyaya aiddir. Televizorlar "Android TV 9.0" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Bütün qurğular "Wi-Fi 802.11ac" və "Bluetooth 4.2" simsiz rabitə modulları ilə təchiz edilib. Simli interfeyslər dəstinə dörd "HDMI" portu (biri ARC dəstəklidir), iki "USB 2.0 Type-A" və "Ethernet" çıxışı daxildir. Quraşdırılmış akustika 12 vatt (32 düym), 20 vatt (43, 50, 55, 58 düym) və 24 vatt (65, 75 düym) gücündə və "Dolby Digital Plus" və "DTS Sound 12" texnologiyalarını dəstəkləyən dinamiklərlə təmsil olunub. Model sırasının daha bir xüsusiyyəti işıqlandırıcıya malik distansiyadan idarəetmə pultudur.
Yaxın vaxtlarda Avropada satışa çıxarılacağı gözlənilən yeni televizorların qiyməti diaqonaldan asılı olaraq dəyişəcək: "Nokia Smart TV 32" – 399,90 avro, "Nokia Smart TV 43" – 549,90 avro, "Nokia Smart TV 50" – 599,90 avro, "Nokia Smart TV 552 – 699,90 avro, "Nokia Smart TV 58" – 799,90 avro, "Nokia Smart TV 65" – 899,90 avro, "Nokia Smart TV 75" – 1399,90 avro.
Nizam Nuriyev