Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” Cənubi Koreyada 6 milyon dollar cərimələnib


Cənubi Koreyanın Fərdi Məlumatların Qorunması üzrə Komissiyası “Facebook” şirkətini 6,7 milyard von (6,6 milyon dollar) cərimələyərək istifadəçilərin şəxsi məlumatlarının onların razılığı olmadan digər operatorlara təqdim edilməsinə görə cinayət işinin qaldırılmasını tələb edib. Bu barədə “Yonhap” informasiya agentliyinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, aparılan araşdırmaların nəticələrinə görə, Cənubi Koreyada təxminən 3,3 milyon “Facebook” istifadəçisinin fərdi məlumatları 2012-ci ilin mayından 2018-ci ilin iyununadək olan dövr ərzində digər şirkətlərə verilib.

 

Bildirilir ki, təqdim edilən məlumatlar arasında insanların adı, ünvanı, doğum tarixi, iş təcrübəsi haqqında informasiya və s. sadalanır. Agentlik nümayəndələrinin sözlərinə görə, sosial şəbəkənin bu məlumatları 10 min digər şirkətə də verməsi ehtimal edilir.

 

Bundan başqa, komissiya ayrıca olaraq “Facebook”u hakimiyyət ilə əməkdaşlıqdan imtinaya görə cərimələyib. Nəzarətedici orqan təmsilçiləri tərəfindən buna əsas kimi şirkətin fəaliyyəti haqqında səhv sənədlərin təqdim edilməsi göstərilir. Cərimənin məbləği 66 milyon von (59 min dollar) təşkil edib.

 

Nizam Nuriyev






28/11/20    Çap et